DOLAR 32,4678 % 0.17
EURO 34,5126 % 0.03
STERLIN 40,4189 % 0.12
FRANG 35,5538 % -0.04
ALTIN 2.473,51 % -0,39
BITCOIN 2.099.255 -5.852

AZƏRBAYCANIN HAFİZ PAŞAYEV NÜMUNƏSİ…

Yayınlanma Tarihi : Google News
AZƏRBAYCANIN HAFİZ PAŞAYEV NÜMUNƏSİ…
0

 

…Hafiz Mir Cəlal oğlu Paşayev… Yəqinki Azərbaycanda onun ötən ilədək Azərbaycan xarici işlər nazirinin müavini, diplomat və «ADA» Universitetinin rektoru, elm və ictimai, təhsil… xadimi olduğunu bilməyən az adam tapılar.

Hafiz Paşayevi şəxsən mən qiyabi tanıyıram, şəxsi ünsiyyətim olmayıb, amma kənardan həmişə nəzər- diqqətimdə olub… Amma mənə elə gəlir ki, Hafiz Paşayev kimi təhsil xadimini, elm adamını, diplomatı kifayət qədər yaxşı tanıyıram. Lakin deyəsən, biz bəzən olduğu kimi görünməyənləri o qədər görürük ki, hərdən də olduğu kimi görünənlərin belə fərqində olmuruq, qərarımız qəti olur: ya olduğu kimi göründü, ya da göründüyü kimi oldu, nə fərqi?! Amma sən demə, fərq çox böyükdür, lap çox… Lakin biz bu böyüklüyü yaxınındayıq deyə görmürük, görə bilmirik, amma kənarın-xaricin böyüklüyünü-böyüklərini böyüklü-kiçikli çox yaxşı görürük…

***

…Hafiz Paşayev haqqında bir məqamı da deyib keçirəm mətləbə: onun sadə və adi xarici görkəminə, ağ saçlarının düzümünə və yerişinə- zahirinə… görə həmişə Xudu Məmmədova oxşatmışam. Professor Rafiq Əliyevə də oxşarlığını görürəm… Yaxud da əksinə… Amma…

***

 Bu da axtardığım mətləb: AzTV-də “Muğam müsabiqəsi” keçirilir. Azərbaycan TV-lərində yəqinki ən çox izlənilən canlı proqram idi… Bir çox tamaşaçılar vardı ki,  o vaxt ciddi-cəhdlə həmin canlı yayımlanan proqramda- «Muğam Mərkəzi»nin salonunda olmaq şansını əldə edirdi. Əksəriyyətinin də məqsədi öndə olmaq, tamaşaçıların ekranda onu görməsini əldə etmək olardı! Bunu, kamera tamaşaçı salonunu göstərəndə dərhal ekranda özünü görüb kameraya diqqətlə zillənmiş baxışlarını ciddiləşdirənlərin hərəkətindən də görmək olurdu… Və nəhayət, evdə oturan tamaşaçı isə ekranda gənc muğam ifaçılarını dinləyərkən ekranda kimlərin görünməsinə də diqqət kəsilmiş olurdu. Mən də təbii olaraq elə… Və birdən tamaşaçı salonun lap arxasında – yarıqaranlıq, görünməz bir yerdə Hafiz Paşayevi görür. Mən də hamı kimi. İstər-istəməz içində sual yaranır ki, niyə Hafiz müəllim ön cərgədə deyil?! Bunun ona həm ictimai xadimliyi, tanınmış diplomat olması, XİN nazirinin müavini və s. vəzifələri… imkan verir axı. Üstəlik, həm də düşünürsən ki, “Muğam Mərkəzi” H.Əliyev Fondunun tabeliyindədir, Fondun sədri Azərbaycanın 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevadır. Və “Muğam müsabiqəsi” də Mehriban xanımın təşəbbüskarlığı və dəstəyi ilə keçirilir. Nəhayət, Hafiz Paşayev isə Mehriban xanımın əmisidir, deməli, onun üçün zalın ən ön cərgəsində əyləşməsi belə təbiidir, qəbul ediləndir, mümkün ediəndir. Məsələn, istənilən tamaşaçı düşünməyində haqlıdır ki: necə olur ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, “Azkontrakt”-ın sədri (Allah rəhmət eləsin!) Miri Qənbərov… kameranın salonu daha yaxşı və aydın göstərməli hədəfində əyləşə bilir, amma Hafiz Paşayev isə salonun ən arxa yerində oturub. Və o yerdə ki, açıq desəm, tanış-bilişi, statusu olmayan, dəvətnaməni güclə əldə edən, salonda yer tapa bilməyən tamaşaçılar əyləşirlər. Ordan yalnız oxunan muğamı və çalınan musiqini dinləmək mümkündür, ekranda görünmə yeri deyil!

*** 

 Bu qeyd etdiyim sorğu və suallara təbii baxın, hər kəs özünə bu sualı verə bilər ki, axı bu nə deməkdir? Yəni, bu o deməkdir ki, baş verənlər Azərbaycan reallığına qəti uyğun gəlmir… Amma həm də cavabı şəxsən mənə dəqiq bəlli olandır ki, yox, Hafiz Paşayev ön cərgədə əyləşə bilməzdi! O, ekranda görünmək üçün yox, bəlkə də görünməmək üçün arxada, lap arxada əyləşmişdi  ki, bəlkə də onu ümumiyyətlə, görən olmasın. Axı o, “Muğam Mərkəzi”nə hər dəfə musiqi dinləməyə gəlib, ekranda görünmək, kiməsə özünü göstərmək üçün yox! Açıq deyirəm və bu, mənim şəxsi qənaətimdir ki, Hafiz müəllimi məcbur etsəydilər belə görünən yerdə görünməzdi, əyləşməzdi. Lap açıq desəm, heç onu dövlətin bir saylı TV-si olan AzTV-də görən olub???

***

  …Neçə il əvvəl İran İslam İnqilabının ildönümü bayramı ilə bağlı İranın Azərbaycandakı Səfirliyi ziyafət tədbiri keçirirdi. «Alov qüllələri»ndəki növbəti rəsmi tədbirdəyəm. Nazirlərdən bir neçəsi rəsmi hissə bitəndən sonra kənara çəkilir, köməkçiləri onlara yemək daşıyır, şirələr, çay, meyvə gətirir, boşqablarını dəyişdirir və s. Təbii ki, bu mənzərəni görənlər baş verənlərə elə təbii də baxmağında idi…

Bu isə başqa bir fərqli mənzərə: ötən yay aylarında Medianın İnkişafı Ağentliyi ayrı-ayrı media orqanlarının rəhbərləri üçün ADA Universitetində təlimlər keçirirdi. Xarici media ekspertlərinin, həmçinin ADA-nın media üzrə müəllim-ekspertlərinin iştirak etdiyi təlimlərdə bir ay müddətində mən də iştirakçı oldum. Təlim olan günlərdə biz qrup halında naharı ADA-nın tələbə yeməkxanasında edirik. Təlimin ilk günü bir neçə həmkarımla eyni masa arxasında əyləşib nahar edirdik ki, bir də gördük Hafiz Paşayev bir tələbə ilə (bəlkə də müəllim idi) zala daxil oldu, sakitcə «özünə xidmət» sinilərindən birini götürüb müxtəlif yeməklərdən çəkdi, sonra masaya əyləşdi, daha sonra iki müəllim də gəldi və birlikdə nahar etdilər… Biz media rəhbərləri isə bu mənzərəni seyr edib öz-özümüzə təəccüblə danışırıq: hər nə olsa belə, bu boyda ADA-nın rektoru, 2020-ci ilədək nazir müavini, diplomat və s. kimi ciddi statusların daşıyıcısı olan, yaşlı demək düz gəlməsə də, cavan da olmayan (1941-ci təvəllüdlüdür, hazırda 81 yaş, ötən il 80 yaş) bir şəxsin masasına yemək gətirməkdə nə qəbahət ola bilərdi ki?! Amma Hafiz Paşayev fiziki imkanı yol verirsə, bunu niyə kiməsə həvalə etməlidir, məntiqi ilə özü edirdi… Və ən maraqlısı, nahar bitdi, hamı kimi, Hafiz müəllim də yemək yediyi sinini özü götürüb yuyulma yerinə təhvil verdi.

 Bu, bəlkə də adi kimi görünən hadisə idi. Biz də ayağa durduq, maraq xatirinə xidmətçi xanıma yaxınlaşıb “kəşfiyyat xarakterli” sual etdim ki, niyə rektorunuza – rəhbərinizə kömək etmirsiniz, qulluq göstərmirsiniz? Onun cavabını olduğu kimi verə bilmərəm, amma görün nə baş verib. Deyir: «Biz ilk dəfə buna cəhd etdik, bizə dedi ki…».

Sonra təklif ediblər ki, bəlkə yemək kabinetinə aparılsın, Hafiz müəlim bu zaman isə deyib ki!!!  O, rektor, böyük alim, universitetin elə o mənada böyüyü-ağsaqqalı olaraq qərar verib ki, bütün müəllimlər tələbələrlə birgə nahar etsin, vəssalam! Bunun isə nə demək olduğunu-mənasını bilməyə nə var ki!

***

…Bakıda xüsusən də son vaxtlar cansıxıcı tıxaclara məhkumuq. Özüm də hər gün işdən çıxanda bunun şahidi olur və tıxacların əziyyətini çəkirəm. Amma bu tıxaclarda hər gün eyni bir hadisənin şahidi oluram: dövlət nömrə nişanından vəzifəsi bəlli məmurlar işdən çıxanda, yaxud harasa gedəndə onların mühafizəçilərlə birgə müşaiyət edildiklərini görürəm. Hətta bəzən DYP avtomobili də onlara yol açır, tıxacdan daha rahat və maneəsiz çıxmalarına çalışırlar. Olsun! Dövlət məmurlarının statusu bunu tələb edir, amma…

***

…Aprelin 8-də, saat 10:12 radələridir: idarə etdiyim avtomobilimlə Kukla teatrını keçib «Azneft» meydanına tərəfə tısbağa sürəti ilə gedirəm. …Əziz Əliyev küçəsində-yolun sağında Hafiz Paşayevi piyada gedən görürəm. Şübhəsiz, tıxaclarda addım-addım irəliləməyə hövsələsi çatmadığından, piyada addımlamağa üstünlük verib. Biz belə hallara adətən sənədli filmlərdə və Avropa ölkələrində rast gələrik. İndi bir anlığa təsəvvür edin, məsələn, nazir Sahil Babayev, yaxud Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, hansısa universitetin rektoru, hansısa rayonun icra başçısı, hansısa rayonun deputatı… xidməti avtomobilini buraxıb Bakının küçələrində işə piyada gedir! Ağlabatandırmı?! Əlbəttə, Azərbaycan reallığında bu mümkünsüz görünür. Nə danışırsız, camaat nə deyər, kimsə telefona çəkib Tik-Tok-a qoyar, qonum-qonşu adama gülər… Bəli, bunlar real olmayan, ağla sığmayan hadisələrdir!

 Hafiz Paşayev nəinki Azərbaycanda real görünməyəni reallaşdırır, həm də mümkünsüz görünəni mümkünlü edir. O, sanki yaşına, yüksək statusuna, titullarına… baxmayaraq, onsuz da Bakını əldən salan, getdikcə daha da ciddiləşən tıxacların acığına Bakı küçələrində piyada gəzərək hansısa tədbirə tələsir, işə gedir…

***

…Belə misalların sayını artıra da bilərəm. Lakin məncə, kifayətdir!

 Professor Hafiz Paşayev məni tanımır, amma mənim bir jurnalist kimi onu daha yaxından tanımaq borcum var! Bu mənada mənim də onun Azərbaycan cəmiyyətinə başdan ayağa nümunə ola biləcək həyatının kiçik bir məqamını ictimailəşdirməyə haqqım çatdı. Bu haqqı həm də vicdanım yetərli etdi. Axı necə ola bilər ki, cəmiyyət Azərbaycanın belə dəyərlərindən nümunə götürmür, götürmək istəmir, elə gənclərimiz hansısa pis vərdişli insanların həyatını əzbərinə bilir, müzakirə edir, təlqin edir, yamsılayır… Hətta jurnalistlərimiz, yazıçılarımız… hansısa nümunəni çəkəndə ingilisin, rusun, amerikalının… hansısa bir yazıçısını, alimini, diplomatını… nümunələşdirir. Özümüzün isə dəyərimiz başımızın üstündə, gözümüzün qarşısındadır. Amma görmürük, duymuruq, bilmirik… Mən birini nümunələşdirdim, təqdim etdim, çağırış etdim.

Gəlin, dəyərlərimizə sahib çıxaq, onları nümunələşdirək, dəyərə və hörmətə mindirək!

Asif Mərzili

P.S.Bu yazını istədim Medianın İnkişafı Agentliyinin icra etdiyimiz ənənəvi layihə yazısı kimi də təqdim edim. Amma düşündüm ki, yazının sonunda məcburən «Yazı MEDİA-nın maliyyə dəstəyi ilə hazırlanmışdır» sözlərini yazmalıyam. Fikirləşdim, ola bilər kimsə deyəcək ki, bu yazı yüz faiz sifarişlidir… Bəli, etiraf edirəm ki, sifarişlidir, amma jurnalist vicdanımın tələb və sifarişidir!

YORUM YAP